95 il
ISSN: 0134-3289
E-ISSN: 2617-8060
DOI: 10.32906
» Təşkilat haqqında

Təşkilat haqqında

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik - Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.
Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.
1940-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Əmək Ehtiyatları İdarəsi yaradılıb və texniki-peşə təhsili müəssisələri həmin idarənin tabeliyinə daxil edilib. Hökumətin qərarı ilə həmin idarə əsasında 1959-cu ildə yaradılan Dövlət Texniki Peşə Təhsili Komitəsi 1988-ci ilədək fəaliyyət göstərib. Eyni zamanda, Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə 1959-cu ildə Ali və Orta İxtisas Təhsili Komitəsi (1964-cü ildə Ali və Orta İxtisas Təhsili Nazirliyinə çevrilib) yaradılıb. Respublikanın ali və orta ixtisas məktəbləri bu qurumun tabeliyinə verilib və Ali və Orta İxtisas Təhsili Nazirliyi 1988-ci ilədək fəaliyyət göstərib. Ümumiyyətlə, 1959-cu ildən 1988-ci ilədək Azərbaycanda təhsillə bağlı 2 nazirlik və bir komitə (Xalq Maarifi Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi, Dövlət Texniki Peşə Təhsili Komitəsi) fəaliyyət göstərib.
1988-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə hər üç nazirlik ləğv edilərək onların bazasında Xalq Təhsili Nazirliyi yaradılıb və nazirliyin strukturu təsdiq olunub.
Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 1993-cü il tarixli sərəncamı ilə Xalq Təhsili Nazirliyinin adı dəyişdirilərək Təhsil Nazirliyi adlandırılıb. Azərbaycan Respublikası Prezidentinin 1 mart 2005-ci il tarixli fərmanı ilə Nazirliyin Əsasnaməsi təsdiq edilib.
Azərbaycan Respublikası Prezidentinin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə Ceyhun Bayramov  Azərbaycan Respublikasının təhsil naziri təyin olunub. 

Ceyhun Əziz oğlu Bayramov

 


1973-cü ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə orta məktəbi gümüş medalla bitirib. Həmin il Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olunub. Bu ali məktəbi iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə, Azərbaycan Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib.
1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub.
2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal500” tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib.
2013-cü il mayın 30-dan avqustun 12-dək Təhsil Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə təhsil nazirinin müavini təyin olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə təhsil naziri təyin olunub.
Evlidir, 2 övladı var.

https://edu.gov.az/az/page/38 
Partnyorlar