95 il
ISSN: 0134-3289
E-ISSN: 2617-8060
DOI: 10.32906
» Məqsəd və məram

Məqsəd və məram


Jurnalın vacibliyi
"AZƏRBAYCAN MƏKTƏBİ" elmi-nəzəri, pedaqoji jurnalı 1924-cü ildən nəşr olunur. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra əsası hələ Xalq Cümhuriyyəti tərəfindən qoyulan geniş maarifləndirmə və tədris prosesinin davamı kimi "AZƏRBAYCAN MƏKTƏBİ" jurnalı 1924-cü ilin aprel ayında Xalq Maarifi Komissarlığı tərəfindən dərc olunmağa başladı. İlk baş redaktoru Xalq Maarifi Komissarı Mustafa Quliyev olan "AZƏRBAYCAN MƏKTƏBİ" jurnalının işıq üzü görməsi ölkə gündəmi üçün çox vacib və aktual məsələ idi. Jurnalın ilk arxiv nüsxələrindən də aydın görünür ki, geniş maarifləndirmə və xalqın ümumilikdə savadlılıq qabiliyyətinin artırılması yönündə onun fəaliyyəti və gördüyü çoxsaylı işlər danılmazdır. "AZƏRBAYCAN MƏKTƏBİ" bu gün də geniş maarifləndirmə, tədris-tərbiyə məsələləri yönündə çıxan problemlərin həllində böyük rol oynayır.
 
Jurnalın çap olunma məqsədi
"AZƏRBAYCAN MƏKTƏBİ" elmi-nəzəri, pedaqoji jurnalı Azərbaycanda mütəmadi olaraq təhsil sisteminin yenilənməsində, təlim-tərbiyənin keyfiyyətinin yüksəl­dilməsində, mütərəqqi tədris metod və üsulla­rının təbliğində, qabaqcıl pedaqoji təcrübənin yayılmasında aparıcı rol oynamağı qarşısına məqsəd qoymuşdur.

Çap olunan məqalələrin üslubu
Jurnal öz səhifələrində yeni tipli məktəblərin, ali və orta ixtisas təhsili ocaqlarının, yaradıcı müəllimlərin təcrübəsini ümumiləşdirən məqalələrə geniş yer verir, təhsil sahəsində inkişaf etmiş ölkələrin təcrübəsinə dair mate­rialları oxuculara çatdırmağı özünün ümdə vəzifəsi hesab edir. 
Jurnal daim respublikamız­da maarif məsələlərinə, təhsilin metodikasına ciddi diqqət yetirir.
Jurnalın “Təhsil siyasəti”, “Pedaqogika”, “Metodika”, “Kurikulum”, “Psixologiya”, “Təhsil tarixi”, “Beynəlxalq təcrübə”, “Təhsil texnologiyaları” rubrikalarının hər biri Azərbaycan və dünya təhsilinin qabaqcıl tendensiyalarını - “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” kimi konseptual sənədləri, Azərbaycan təhsilində son dövrlər həyata keçirilən genişmiqyaslı islahatların elmi mahiyyətini, beynəlxalq təcrübənin tətbiqi imkanlarını, pedaqoji təhsilin məzmununu, pedaqoji kadr hazırlığının təşkilinə qoyulan tələblərin nəzərə alınmasını, ümumtəhsil müəssisələrinin ibtidai təhsil səviyyəsi üzrə təhsil alan şagirdlərinin beynəlxalq qiymətləndirmədə mövcud vəziyyətini, Beynəlxalq məktəblərdə qlobal vətəndaşlıq təhsilinin liberal perspektivlərini, eyni zamanda təhsil tariximizin bəzi mühüm məqamlarını, zəngin tədqiqat faktlarını əhatə edir.

Jurnalın əsas rubrikaları
  1. «Təhsil tarixi»
  2. «Təhsilin fəlsəfəsi»
  3. «Beynəlxalq təcrübə»
  4. «Peda­qoji psixologiya»
  5. «Təhsilin iqtisadiyyatı»
  6. «Təhsilin idarə edilməsi»
  7. «Kurikulum, innovasiyalar»
  8. «Metodika, qabaqcıl təcrübə»
  9. «Yeni nəsil dərsliklər, yeni nəşrlər»
Jurnalın əlavələri - Xüsusi buraxılışlar 
Müəllimə, məktəbə köməyin vacibliyini fəaliyyətinin ana xəttinə çevirən “AZƏRBAYCAN MƏKTƏBİ” jurnalının zaman-zaman müxtəlif fənlər üzrə metodik məcmuələri də ərsəyə gəlmişdir.
Keçmiş sovet respublikaları arasında ilk dəfə olaraq “AZƏRBAYCAN MƏKTƏBİ” jurnalına əlavə kimi müxtəlif illərdə 8 adda metodik məcmuə çap edilib. Həmin metodiki əlavələrin bəziləri bu gün də dərc olunmaqdadır.
Dövrün tələblərinə uyğun olaraq ilk əlavə məcmuə 1947-ci ildən nəşrə başlayan “Русский язык и литература в Азербайджанской школе” məcmuəsi olub.
Xüsusi buraxılışlar aşağıdakılardır:
  • "Русский язык и литература в Азербайджане" (1947)
  • “Azərbaycan dili və ədəbiyyat tədrisi” (1954),
  • “Fizika və riyaziyyat tədrisi” (1954),
  • “Kimya və biologiya tədrisi” (1956),
  • “Əmək və politexnik təlim” (1958),
  • “Tarix, ictimaiyyat, coğrafiya tədrisi” (1964),
  • “İbtidai məktəb və məktəbəqədər tərbiyə” (1970),
  • “Məktəbdə bədən tərbiyəsi” (1976)

Qeyd edilməlidir ki, fənlər üzrə əlavə metodik məcmuələr nəşrə başlayana qədər metodika sahəsindəki yeni ideyalar yalnız bu jurnal vasitəsilə təhsil ictimaiyyətinə çatdırılırdı.


Partnyorlar