95 il
ISSN: 0134-3289
E-ISSN: 2617-8060
DOI: 10.32906
» Jurnalın tarixi

Jurnalın tarixi

“Azərbaycan məktəbi” jurnalı
“Azerbaijan Journal of Educational Studies”
“Азербайджанская школа” 
ISSN: 0134-3289
E-ISSN: 2617-8060
DOI: 10.32906



"AZƏRBAYCAN MƏKTƏBİ" elmi-nəzəri, pedaqoji jurnalı 1924-cü ildən nəşr olunur. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra əsası hələ Xalq Cümhuriyyəti tərəfindən qoyulan geniş maarifləndirmə və tədris prosesinin davamı kimi "AZƏRBAYCAN MƏKTƏBİ" jurnalı 1924-cü ilin aprel ayında Xalq Maarifi Komissarlığı tərəfindən dərc olunmağa başladı. İlk baş redaktoru Xalq Maarifi Komissarı Mustafa Quliyev olan "AZƏRBAYCAN MƏKTƏBİ" jurnalının işıq üzü görməsi ölkə gündəmi üçün çox vacib və aktual məsələ idi. Jurnalın ilk arxiv nüsxələrindən də aydın görünür ki, geniş maarifləndirmə və xalqın ümumilikdə savadlılıq qabiliyyətinin artırılması yönündə onun fəaliyyəti və gördüyü çoxsaylı işlər danılmazdır. "AZƏRBAYCAN MƏKTƏBİ" bu gün də geniş maarifləndirmə, tədris-tərbiyə məsələləri yönündə çıxan problemlərin həllində böyük rol oynayır.

Yaranma tarixçəsi
Respublika tarixində ən uzunömürlü elmi jurnal hesab edilən “Azərbaycan məktəbi” 1924–cü ildə Respublika Xalq Maarif Komissarlığının tərkibində ölkədə savadlılığın artması, pedaqoji maariflənmənin yayılması və pedaqoq-müəllimlərə dəstək məqsədilə ilk Maarif Komissarı Mustafa Quliyev tərəfindən təsis edilmişdir. İlk Baş redaktoru Mustafa Quliyevdir. “Azərbaycan məktəbi” jurnalının ilk buraxılışları əski əlifbada ərəb qrafikası ilə “Yeni məktəb” (مكتب ينى) adı ilə nəşr edilmişdir. Ərəb qrafikası ilə nəşr 1929-cu ilə qədər davam etmişdir. 1930-cu ildən isə latın qrafikası ilə “Müəllimə kömək” (MUƏLLİMƏ QϴМӘQ) adlandırılmışdır. 1941-42-ci illərdə Böyük Vətən müharibəsinin çətinliklərindən irəli gələn səbəblərlə yayımı məhdudlaşmış və dayanmışdır. Lakin 1943-cü ildən indiki “Azərbaycan məktəbi” adı ilə Kiril əlifbası ilə Azərbaycan dilində fəaliyyətini davam etdirmişdir.

Məqsəd və məram
Dərc edildiyi müddətdən indiyə qədər bir əsrlik yol qət edən “Azərbaycan məktəbi” təhsil sisteminin yenilənməsində, təlim-tərbiyənin keyfiyyətinin yüksəldil­məsində, mütərəqqi tədris metodları və üsullarının təbliğində, dünya və ölkəmizin qabaqcıl müəllimlərinə, pedaqoqlarına xas təcrübənin ölkə pedaqoji ictimaiyyətinə çatdırılmasında aparıcı rol oynamışdır. Jurnalın “Təhsil siyasəti”, “Pedaqogika”, “Metodika”, “Kurikulum”, “Psixologiya”, “Təhsil tarixi”, “Beynəlxalq təcrübə”, “Təhsil texnologiyaları” rubrikalarının hər biri Azərbaycan və dünya təhsilinin qabaqcıl tendensiyalarını - “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” kimi konseptual sənədləri, Azərbaycan təhsilində son dövrlər həyata keçirilən genişmiqyaslı islahatların elmi mahiyyətini, beynəlxalq təcrübənin tətbiqi imkanlarını, pedaqoji təhsilin məzmununu, pedaqoji kadr hazırlığının təşkilinə qoyulan tələblərin nəzərə alınmasını, ümumtəhsil müəssisələrinin ibtidai təhsil səviyyəsi üzrə təhsil alan şagirdlərinin beynəlxalq qiymətləndirmədə mövcud vəziyyətini, Beynəlxalq məktəblərdə qlobal vətəndaşlıq təhsilinin liberal perspektivlərini, eyni zamanda təhsil tariximizin bəzi mühüm məqamlarını, zəngin tədqiqat faktlarını əhatə edir.

Dünyada təcrübəsində bir ilk -  Special Issue (Xüsusi buraxılışlar)
Keçmiş Sovet  Respublikaları  arasında ilk dəfə olaraq “Azərbaycan məktəbi” jurnalına əlavə kimi müxtəlif illərdə 8 adda metodik məcmuə çap edilib. Həmin metodiki əlavələrin bəziləri bu gün də dərc olunmaqdadır. Dövrün tələblərinə uyğun olaraq ilk əlavə məcmuə 1947-ci ildən nəşrə başlayan Azərbaycanda rus dili və ədəbiyyatının tədrisi ilə bağlı jurnal olub. Əlavə burxalışlar formaca müstəqil jurnal  mahiyyəti kəsb edirdisə də, əslində, onların "əlavə" hesab edilməsi “Azərbaycan məktəbi”nin bütün fənləri əhatələmək qabiliyyətindən irəli gəlirdi. Çünki “Azərbaycan məktəbi” ölkədə pedaqoji mühiti bütövlükdə əhatə edən samballı elmi dərgi idi. Məhz bu əlavələri onun simasını tamamilə dəyişir və nüfuzunu qaldırırdı. Dünya pedaqogika tarixində bu qədər uzun tarixə malik və əlavələrə sahib ikinci elmi dərgi tapmaq çətindir. Əlavə buraxılışlar illər üzrə ardıcıllıqla aşağıdakılardan ibarətdir.
  1. “Русский язык и литература в Азербайджане” (1947) 
  2. “Azərbaycan dili və ədəbiyyat tədrisi” (1954),
  3. “Fizika və riyaziyyat  tədrisi” (1954), 
  4. “Kimya və biologiya tədrisi” (1956), 
  5. “Əmək və politexnik təlim” (1958), 
  6. “Tarix, ictimaiyyat, coğrafiya tədrisi” (1964), 
  7. “İbtidai məktəb və məktəbəqədər tərbiyə” (1970), 
  8. “Məktəbdə bədən tərbiyəsi” (1976)
Vacib məsələlərdən biri kimi qeyd edilməlidir ki, fənlər üzrə əlavə metodik məcmuələr nəşrə başlayana qədər metodika sahəsindəki yeni ideyalar yalnız bu jurnal vasitəsilə təhsil ictimaiyyətinə çatdırılırdı.

Alimlər ordusu
Öz ətrafına təcrübəli pedaqoqlar toplayan bu jurnalın adı həmişə öncüllər sırasında çəkilmiş, təhsil mədəniyyətimizin inkişaf etdirilməsində ən çevik və etibarlı mətbuat orqanı kimi tanınmışdır. “Azərbaycan məktəbi” Azərbaycan milli təhsilinin tarixi və canlı salnaməsidir. Onun səhifələrində ölkəmizin görkəmli pedaqoqları - Mehdi Mehdizadə, Əhməd Seyidov, Mərdan Muradxanov, Hüseyn Əhmədov, Əjdər Ağayev, Bəşir Əhmədov, Nurəddin Kazımov, Yusif Talıbov, Əliheydər Haşımov və digər yüzlərlə elm, sənət adamları, maarifçilər, metodistlər, məktəb rəhbərləri çıxış etmiş, təhsilimizin uğurları və inkişaf yolları haqqında pedaqoji ictimaiyyətə dəyərli fikir və təkliflərini çatdırmışlar.
Bundan başqa, Azərbaycan ictimai fikrinin ən tanınmış simaları - Bəkir Çobanzadə, Mustafa Quliyev, Süleyman Sani Axundov, Məmməd Səid Ordubadi, Abdulla Şaiq, Tağı Şahbazi Simürğ, Üzeyir Hacıbəyov, Mirzə İbrahimov, Məmməd Arif, Məmməd Cəfər, Əşrəf Hüseynov, Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, Abasqulu Abbaszadə, Maqsud  Cavadov, Cümşüd Zülfüqarlı, Ağamməd Abdullayev, Feyzulla Qasımzadə, Həmid Araslı, Əkbər Bayramov, Budaq Budaqov, Əbdül Əlizadə, Yəhya Kərimov və digərləri jurnalla sıx əməkdaşlıq əlaqələri qurub, özlərinin elmi fikirlərini, pedaqoji təcrübələrini məhz bu məcmuə vasitəsilə oxuculara çatdırıblar.
XX əsrin 70-80-ci illərində “Azərbaycan məktəbi” jurnalı Sovetlər Birliyinin ən nüfuzlu pedaqoji nəşrləri sırasında yer alırdı. Jurnalda Sovetlər Birliyinin və dünyanın ən məşhur pedaqoqlarının əsərlərindən tərcümələr verilir və pedaqoji mətbuata dair kitabların təqdimatları yer alırdı. Keçmiş ittifaqın tanınmış pedaqoq alimlərinin, o cümlədən keçmiş SSRİ Maarif naziri Mixail Prokofyev, Rusiyanın görkəmli alimləri - akademiklər  Yuri Babanski, Artur Petrovski, Mirzə Maxmutov, Vladimir Adoratski, Valeri Alekseyev, Aleksey Bodalyov, Vladimir Favorski, İvan Kairov, SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir üzvləri - Daniel Elkonin, Aleksandr Kotalikov, professorlar Pyotr Fridolin, Boris Komarovski, Pavel Yakobson, Mixail Abramov, Aleksey Amossov, Leb İtelson, Nadejda Krupskaya, Belorusiyadan olan akademik Aleksandr Makovelski, Gürcüstandan akademik Şalva Amonaşvili və digərlərinin əsərləri sistemli olaraq jurnalın səhifələrində yer tutub.

Baş redaktorlar
İlk baş redaktoru Mustafa Quliyev (1924-1928) olan “Azərbaycan məktəbi” jurnalına 1928-1929-cu illərdə Abbas Sultanov, 1930-cu ildə Qılıncinski, 1932-ci ildə Mikayıl Rəhimli, 1935-1936-cı illərdə Pənah Qasımov, 1937-1940-cı illərdə İsmayıl Qasımov, 1940-cı ilin sonlarında Rüstəm Hüseynov, 1941-1943-də Laləzar Mustafayeva, 1947-də Ə.M.Qafarlı, 1948-1963-cü illərdə Rüstəm Hüseynov, 1963-1974-cü illərdə Əkbər Mirzəyev, 1974-1981-ci illərdə Əjdər Ağayev, 1981-2006-cı illərdə Zəhra Əliyeva, 2006-2018-ci illərdə Nəcəf Nəcəfov rəhbərlik edib. Hazırda jurnalın baş redaktoru Rahil Nəcəfovdur.

Beynəlxalq nüfuzlu elmi indekslərdə
2018-ci ildən Təhsil Nazirliyinin tövsiyəsi ilə jurnalda məqalələrin işlənməsi və qəbulu, tərtibat və dizayn sahəsində yeni standartlar tətbiq olunur. Jurnal beynəlxalq nüfuzlu elmi indekslərdə indekslənir və öz ənənələrinə sadiq qalaraq maarifçiliyi, fundamental elmi istiqaməti, innovativlik təmayülünü əsas götürür.
Hazırda ResearchGate, Index Copernicus, Google Scholar, CiteFactor, DOAJ, DRJİ, Idealonline, EBSCO, COPE indekslərinə sahib olan jurnalın yaxın gələcək üçün hədəfi nüfuzlu elmi bazaların - SCOPUS, Web of Science-in istinad bazasına düşməkdir. Bu hədəfə çatmaq üçün qarşıda dayanan vəzifələrdən ən mühümü beynəlxalq standartlara cavab verən, Azərbaycanda və dünyada tanınan alimlərin, zəngin pedaqoji təcrübəyə malik olan müəllimlərin elmi məqalələrinin çapına nail olmaqdır. 
Məqalələrin daha rahat axtarış və istinad sistemini təmin etmək məqsədilə DOİ (digital object identifier) nömrələri və müəlliflər üçün müəlliflik hüququnu təmin edən beynəlxalq ORCID seriyaları alınır. Bu isə imkan yaradır ki, müəlliflərin məqalələri dünya kitabxanalarının, indeks qurumlarının istinad bazasında olsun. Bu, elmi əlaqələrin genişlənməsi, qlobal elm, təhsil mühitinə inteqrasiya baxımından çox önəmlidir. 

Elektron fond
Jurnalın www.journal.edu.az İnternet səhifəsində yeni məqalələrlə yanaşı, jurnalın mövcud olduğu dövrlər ərzində çap olunmuş məqalələrin də arxivi yerləşdirilir. 95 illik fəaliyyətin, həmçinin jurnalın əlavə buraxılışları ilə birlikdə on minlərlə məqalənin elektron fondu Respublika elmi ictimaiyyəti, pedaqoqlar, tədqiqatçılar, məktəb müəllimləri üçün böyük töhfədir. Elektron arxivlərdə müxtəlif illərdə jurnalda elmi əsərlərini dərc etdirən on mindən artıq müəllifin məqalələri Azərbaycan, ingilis və rus dillərində yerləşdirilir ki, bu da sadəcə ölkədaxili deyil, eləcə də dünyada jurnalın nüfuzunu yüksəldəcək, jurnaldan alimlərin elmi istinadlar etməsini aktivləşdirəcək və jurnalın qısa müddətə “Web of Science”-in elmsimetrik platformasına daxil olmasına imkan verəcəkdir. Bu elektron fond təhsil tariximizin öyrənilməsi baxımından mühüm mənbə kimi diqqət çəkəcək, eləcə də təhsil tariximizi araşdıran doktorant, magistr və tələbələrin tədqiqat işlərini asanlaşdıracaq. 
Jurnalın perspektivinə, onun geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanacağına əsas verən amillərdən biri də Azərbaycan dili ilə yanaşı, rus, ingilis, türk dillərində də məqalələrin dərc olunmasıdır. 2018-ci ildə gündən-günə yenilənən və müasirləşən təhsil siyasəti və texnologiyalarına adekvat olaraq Təhsil naziri Ceyhun Bayramovun bilavasitə göstərişi ilə bir əsrlik qocaman jurnalın fəaliyyəti istiqamətində böyük dəyişikliklər edildi. Jurnalın saytı (www.journal.edu.az) və sosial şəbəkələrdə səhifələri yaradıldı. Jurnalın dizaynı və forması tamamilə yeniləndi. Artıq tamamilə yeni, beynəlxalq standartlara cavab verən, dünya miqyasında “Azerbaijan Journal of Educational Studies” adı ilə akademik ünvana sahib “Azərbaycan məktəbi” demək olar ki, Respublika elmi-pedaqoji mühitinin əsas istinad nöqtəsinə çevrilməkdədir.
Aparılan çoxşaxəli işlərin nəticəsi olaraq “Azərbaycan məktəbi” ingilis dilində də dünyaya çıxır və onun səhifələrində xarici ölkələrdən – Türkiyədən, Rusiyadan, Ukraynadan, Çindən, Amerikadan, İngiltərədən, Yeni Zelandiyadan və s. müəlliflərin məqalələrinə rast gəlmək mümkündür. 

Jurnalın redaksiyasının ünvanı və əlaqə telefonları:
AZ 1065, Azərbaycan Respublikası, Bakı şəhəri, Azad Mirzəyev küç., 236. 
Tel: + 994 12 538 82 65;
     + 994 12 538 82 67
E-mail: editor@journal.edu.az
    www.journal.edu.az
Partnyorlar