95 il
ISSN: 0134-3289
E-ISSN: 2617-8060
DOI: 10.32906
» » Jurnal haqqında

Jurnal haqqında

22 aprel 2019, Bazar ertəsi
50
"MƏKTƏBDƏ BƏDƏN TƏRBİYƏSİ"
"AZƏRBAYCAN MƏKTƏBİ" JURNALINA ƏLAVƏ

“Məktəbdə bədən tərbiyəsi” məcmuəsi “Azərbaycan məktəbi” jurnalının əlavəsi kimi 16 il ərzində, yəni 1976-1991-ci illərdə fəaliyyət göstərmişdir. Ölkəmizdə bədən tərbiyəsi və idmanın çox böyük yüksəliş yolu keçdiyinin şahidi olduğumuz indiki dövrdə onun inkişaf yoluna da nəzər salmaq lazım gəlir. Tədqiqatçıların fikrincə, hər bir məsələni, problemi dərindən öyrənmək üçün onun tarixini, inkişaf yollarını araşdırmaq lazımdır. “Hər hansı bir məsələnin tarixini dəqiq öyrənmədən onun keçmiş inkişafını aydın təsəvvür etmək olmaz. Məktəbdə ümumi tərbiyəni daha da səmərəliləşdirmək və yaxşılaşdırmaq üçün onun tarixinə nəzər salmaq, müsbət və mənfi cəhətləri diqqətlə öyrənmək, faydalı təcrübələrdən yeri gəldikcə məktəbin tərbiyə işində bacarıqla istifadə etmək lazımdır” (1977, №3). “Məktəbdə bədən tərbiyəsi” məcmuəsindən götürülmüş bu sözlərdə fiziki tərbiyə və idmanın inkişaf yollarını öyrənmək tövsiyə olunur. Elə həmin məqalədə fiziki tərbiyə və idmanın təlimat formaları, bədən tərbiyəsi müəllimlərinin hazırlanması yolları kimi problemlər çox zəngin faktlar əsasında təhlil edilir. Məcmuədə 20-ci illərdən başlayaraq 70-ci illərin sonunadək keçilən yola nəzər salınır, bu sahədə məktəblərimizin müəyyən uğurlar qazanması inandırıcı faktlarla ortaya qoyulur.
“Məktəbdə bədən tərbiyəsi” məcmuəsinin 1976-cı il birinci nömrəsi Azərbaycan SSR Maarif naziri, akademik M.Mehdizadənin “Gənc nəslin sağlamlığı naminə” məqaləsi ilə açılır. Məqalədə fiziki tərbiyənin əhəmiyyətinə böyük qiymət verilir və belə bir fikir söylənilir ki, “bədən tərbiyəsi ilə yaxşı əhatə olunmuş, fiziki cəhətdən möhkəm olan məktəblər təlimdə daha yaxşı göstəricilərə malik olur, şagirdlərin fiziki tərbiyəsi yaxşı təşkil olunan  məktəblərimizdə təlim-tərbiyənin ümumi səviyyəsi yüksəlir”. Məqalədə müəllif yenicə fəaliyyətə başlayan “Məktəbdə bədən tərbiyəsi” məcmuəsinə uğurlar arzulayır, onun vəzifələrini müəyyənləşdirir, gənc nəslin fiziki  tərbiyəsinin səmərəli yola istiqamətləndirilməsinə dair müvafiq tövsiyələr verirdi.
Azərbaycanda metodika elminin inkişaf etməyə başlaması bədən tərbiyəsi metodikasının da meydana çıxmasına imkan yaratdı. Artıq bu sahə üzrə də metodist alimlər yetişir, qabaqcıl təcrübə meydana çıxırdı. Bununla yanaşı bədən tərbiyəsi metodikasına dair çox sanballı məqalələr yazılırdı. Ona görə də, hələ bədən tərbiyəsi üzrə məcmuənin çapına ən azı 20 il qalanadək bu yükü “Azərbaycan məktəbi” daşıyırdı. 50-70-ci illərin “Azərbaycan məktəbi” jurnalını nəzərdən keçirəndə bu sahəyə belə geniş yer verən kollektivdən razı qalmamaq olmur. 
Bədən tərbiyəsi və idmanın vacib problemləri ilə bağlı olan məqalələr özünün elmi-metodik səviyyəsi ilə də seçilirdi. “Azərbaycan məktəbi” bədən tərbiyəsinin tədrisinə olan münasibəti məktəb haqqında yeni qanun, habelə xalq maarifinə dair mühüm qərar və göstərişləri ilə bağlı görüləcək işlərdən ayrı təsəvvür etmirdi.
Məcmuədəki məqalələrdə fiziki tərbiyənin qarşısında duran vəzifələr şərh olunur, fiziki bacarıqların formalaşdırılması, şagirdlərə fiziki keyfiyyətlərin aşılanması tez-tez vurğulanırdı. Məqalə müəllifləri klassik pedaqogika ilə yanaşı, müasir dövrdə cərəyan edən hadisələrlə əlaqədar məqalələri də dövrün tələbləri səviyyəsində yazmağa çalışırdılar. Onların içərisində alimlər, metodistlər, qabaqcıl müəllimlərlə yanaşı rəhbər pedaqoji kadrlar da vardı. Bu müəlliflərin bir qisminin yada salınması da məqsədəuyğun olardı. Bu baxımdan Ə.Tağıyevin “A.S.Makarenkonun fiziki tərbiyə haqqında fikirlərinə dair bəzi qeydlər” (1951), Y.Muxtarovun “Məktəbdə bədən tərbiyəsi təcrübəsindən” (1959), F.İsmayılovun “Bədən tərbiyəsinin  tədrisi təcrübəsindən” (1963), “Bədən tərbiyəsi dərslərində intizamın möhkəmləndirilməsi təcrübəsindən” (1964),  “Bədən tərbiyəsi üzrə yeni proqramın qarşıya qoyduğu mühüm vəzifələr” (1968), C.Yaqubov və B.Quliyevin “Məktəbdə bədən tərbiyəsi dərslərinin planlaşdırılması” (1969), F.İsmayılzadənin “Bədən tərbiyəsi dərsinin səviyyəsini yüksəltmək uğrunda” (1969), Y.Zahidovanın “Bədən tərbiyəsi müəllimləri hazırlığının bəzi məsələləri” (1970), S.Zeynalovun “Hərbi vətənpərvərlik tərbiyəsi və şagird şəxsiyyətinin formalaşdırılması” (1972), A.Ağazadənin “Böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsi” (1972), Y.Məmmədov və B.Quliyevin “Məktəblərdə bədən tərbiyəsi və idmanı yeni tələblər səviyyəsinə qaldırmaq” (1974), K.Hüseynovun “Bədən tərbiyəsi dərslərində şagirdlərin fərdi xüsusiyyətlərinin nəzərə alınması” (1974) və başqa məqalələr məcmusunun nəşrinə qədər bədən tərbiyəsi müəllimlərinə məktəbdə fiziki tərbiyə işlərini, xüsusən  bədən tərbiyəsi dərslərini dövrün tələbləri səviyyəsində qurmağa və tədris etməyə böyük kömək göstərmişdir (Azərbaycan məktəbi, 1984, №2). Məqalələrdə fənlərarası məsələlərə aktual pedaqoji problem kimi baxılır, fənlərarası əlaqəyə şagirdlərin biliyinin sistemə salınmasının başlıca yollarından biri kimi baxılırdı. Bu məqalələrdə fiziki tərbiyənin əhəmiyyəti və vacibliyindən bəhs edilir və bir daha vurğulanırdı ki, fiziki tərbiyə həm də ağlın yetkinləşməsinə, əxlaqi keyfiyyətlərin kamilləşməsinə, hafizənin inkişafına da müsbət təsir göstərir. Bunlardan əlavə, məcmuə həm də Azərbaycanda tədris fənni kimi bədən tərbiyəsinin taleyində də müsbət rol oynayırdı.
“Azərbaycan məktəbi”nin ən gənc və sonuncu əlavəsi olan “Məktəbdə bədən tərbiyəsi” məcmuəsi yarandığı gündən bədən tərbiyəsi müəllimlərinin və metodistlərin stolüstü kitabı olmuşdur. 
“Məktəbdə bədən tərbiyəsi” məcmuəsinin nəşri müəllimlərin elmi-nəzəri və metodiki səviyyəsinin yüksəldilməsində, məktəbdə təlim-tərbiyə işlərinin, konkret desək, bədən tərbiyəsi və ibtidai hərbi hazırlıq işlərinin yaxşılaşdırılmasında danılmaz xidmətlər göstərdi. Bədən tərbiyəsi  fənnini başqa fənlərdən fərqləndirən cəhətlər də vardır. Coğrafiya coğrafiyanı, biologiya biologiyanı öyrədir, lakin bədən tərbiyəsinin tematikası daha zəngindir. O, bədən tərbiyəsinin tədrisi metodikası ilə yanaşı, ibtidai hərbi hazırlıq, hərbi vətənpərvərlik tərbiyəsi, sinifdənxaric və məktəbdənkənar bədən tərbiyəsi-sağlamlıq və idman  tədbirlərini də əhatə edirdi.
Məcmuənin səhifələrində bədən tərbiyəsindən proqram materiallarının tədrisi metodikası aparıcı yer tuturdu. Burada bədən tərbiyəsi dərslərinin təşkili və quruluşuna, şagirdlərə nəzəri məlumatların verilməsinə, yeni proqramlarla işə, proqram materiallarının təkmilləşdirilməsinə, məktəbdə tədris-idman bazasının yaradılmasına, məktəblə ailənin birgə işinə, bədən tərbiyəsi dərslərinin səmərə və keyfiyyətinin yüksəldilməsinə dair məqalələr bədən tərbiyəsi müəllimləri tərəfindən rəğbətlə qarşılanır, müəllim və məşqçilər öz fəaliyyətlərində onlardan səmərəli bəhrələnirdilər (1984, №2).
Respublikamızda bədən tərbiyəsi metodikasının inkişafında və formalaşmasında pedaqoq alimlərdən X.Fətəliyev, H.Ağayev, S.Zeynalov, İ.Musayev, metodistlərdən M.Nəsrullayev, F.İsmayılov, o dövrün qabaqcıl  müəllimlərindən P.Sadıqbəyov, Y.Əliyev və başqalarının xüsusi xidmətləri olmuşdur. Onlar metodik işin qarşısında duran vəzifələrdən danışanda qabaqcıl təcrübənin öyrənilməsi, məktəbdə pedaqoji prosesin keyfiyyətinə nəzarətin təmin edilməsi, metodik ədəbiyyatdakı yeniliklərə münasibət bildirilməsi və b. məsələləri nəzərdə tuturdular.
Qeyd etmək lazımdır ki, pedaqoji fikir tarixinin öyrənilməsində bədən tərbiyəsi və idmanın inkişaf tarixi də nəzərdən qaçırılmamış, əksinə, fiziki tərbiyə və idman tarixi pedaqoji fikir arsenalımızı daha da zənginləşdirmişdir.
“XII-XIV əsr Azərbaycan mütəfəkkirlərinin əsərlərində fiziki tərbiyə məsələlərinə dair” məqaləsində (yenə orada, 1977, №6) pedaqoq alim İbrahim Mollayev fiziki tərbiyə məsələsinin qədimliyindən bəhs edərək Xaqani, Nizami, Tusi, Əvhədi, M.Naxçıvani kimi dünya şöhrətli orta əsr mütəfəkkirlərini yada salır, onların əsərlərində fiziki tərbiyəyə böyük əhəmiyyət verilməsinə diqqət çəkirdi. Müəllif yazır: “Ümumiyyətlə, orta əsrlərdə Azərbaycanda fiziki mədəniyyət və fiziki tərbiyə tarixi çox ciddi tədqiqata möhtacdır ki, bu da fiziki tərbiyə sahəsində fəaliyyət göstərən ixtisas sahiblərinin vəzifəsidir”. 
Respublikamızda idman terminologiyasının yaranması və inkişafında “Məktəbdə bədən tərbiyəsi” məcmuəsinin xüsusi xidmətləri olmuşdır. “Məktəbdə bədən tərbiyəsi” məcmuəsinin bir üstünlüyü də onda idi ki, burada “Нородное образование”, “Советская педагогика”, “Физкультура в школе” jurnallarından ən yaxşı məqalələr tərcümə edilib, oxuculara təqdim edilirdi. Bu da digər ölkələrdəki qabaqcıl təcrübənin öyrənilib yayılmasına şərait yaradırdı.
Məcmuə rəngarəng rubrikalar, o cümlədən “Psixoloji məsələlər”, “Məktəb, ailə, ictimaiyyət”, “Xəbərlər, məlumatlar”, “Bizim iş yoldaşlarımız” və b. əhəmiyyətli rubrikalarla təmin edilmişdi. 
Məcmuədə müəllimlərin iş təcrübəsinə də geniş yer verilirdi. Füzuli rayonunun Hoğa kənd səkkizillik məktəbinin müəllimi X.Zülfüqarovun “Bədən tərbiyəsinin digər fənlərlə əlaqələndirilməsinin təşkili təcrübəsindən”, Qazax rayonunun Aşağı Əskipara kənd orta məktəbinin müəllimi Q.Vəliyevin “Səmərəli tədbirlərin nəticəsi”, Quba internat məktəbinin direktoru A.Aslanovun “Məktəbdə hərbi vətənpərvərlik tərbiyəsinin təşkili təcrübəsindən”, Salyan rayonundakı Qaraqaşlı kənd məktəbinin müəllimi K.Hüseynovun “Şagirdlərin fiziki tərbiyəsinin inkişafında məktəbin və ailənin birgə işi” adlı məqalələrində faydalı iş təcrübəsindən ətraflı bəhs edilirdi (“Azərbaycan məktəbi”, 1984, №4). 
“Məktəbdə bədən tərbiyəsi”  məcmuəsi 16 illik fəaliyyəti dövründə məktəbin mühüm vəzifələrinin həllində pedaqoji kollektivlərə yaxından kömək göstərmişdir. Onun səhifələrində dərc olunan məqalələrin bir çoxu bu gün də öz əhəmiyyətini itirməmişdir. İstər təlimin məzmunu və metodlarının təkmilləşdirilməsi, istər məktəblərdə bədən tərbiyəsi üzrə maddi bazanın möhkəmləndirilməsi, istərsə də bədən tərbiyəsi üzrə kadrların nəzəri və praktik səviyyəsinin yüksəldilməsi, pedaqoji ustalığının artırılması və s. sahədə əldə edilmiş uğurlarda “Məktəbdə bədən tərbiyəsi” məcmuəsinin əhəmiyyətli rolu olmuşdur.

Прокомментировать
yenilə, əgər kod görünmürsə
Partnyorlar