95 il
ISSN: 0134-3289
E-ISSN: 2617-8060
DOI: 10.32906
» » Jurnal haqqında

Jurnal haqqında

22 aprel 2019, Bazar ertəsi
33
"TARİX, İCTİMAİYYAT, COĞRAFİYA" TƏDRİSİ
"AZƏRBAYCAN MƏKTƏBİ" JURNALINA ƏLAVƏ

Azərbaycan pedaqoji fikrinin elə bir sahəsi yoxdur ki, o, “Azərbaycan məktəbi”ndə və onun əlavələrində öz əksini tapmamış olsun. Jurnaldakı metodiki məqalələrin içərisində başqa fənlərlə yanaşı tarix, ictimaiyyat və coğrafiyanın tədrisinə aid olanlar da az deyildi. Tarix, ictimaiyyat, coğrafiya fənlərini tədris edən müəllimlər ən birinci köməyi yeganə pedaqoji jurnalımızdan gözləyirdilər. Digər fənlərlə müqayisədə tarix və ictimaiyyatın tərbiyəyə təsiri daha geniş idi, çünki bu fənlər şagirdlərin ictimai inkişaf qanunlarına aid biliklərini möhkəmləndirir, onların dünyagörüşü ilə bilavasitə əlaqəli olan fənlər kimi bütün ümumtəhsil fənlərinin tədrisinin elmi-nəzəri səviyyəsinin yüksəldilməsinə də müəyyən dərəcədə təsir göstərə bilir, şagirdlərin mənəvi tərbiyəsində aparıcı rol oynayırdı. Məhz buna görə də bu fənlərin geniş təbliğinə imkan verən metodik məcmuənin nəşri zəruri hesab olunurdu, həm də bu işə metodik rəhbərliyin yaxşılaşdırılması zərurəti nəzərə alınaraq “Azərbaycan dili və ədəbiyyatı tədrisi” (1954), “Fizika və riyaziyyat tədrisi” (1954), “Kimya və biologiya tədrisi” (1956) məcmuələrindən sonra “Tarix, ictimaiyyat, coğrafiya tədrisi” məcmuəsi də nəşrə başladı. “Azərbaycan məktəbi” jurnalına əlavə kimi bu məcmuə 1964-cü ildən çap olundu. Məcmuə elə ilk nömrələrindən çox sürətlə yayıldı. Tarix, ictimaiyyat, coğrafiya, habelə “Sovet dövləti və hüquqi əsasları” kursunu tədris edən müəllimlər hər nömrəni səbirsizliklə gözləyirdilər. Məcmuə öz məzmunlu məqalələri ilə pedaqoji mətbuat  aləmində genişlənən yeni  pedaqoji-metodiki canlanmanın  tərkib  hissəsinə  çevrildi.
“Tarix, ictimaiyyat, coğrafiya tədrisi”nin birinci nömrəsi “İdeoloji tərbiyənin mühüm vasitəsi” başlıqlı  redaksiya məqaləsi ilə açılırdı (1964, №1). Məqalədə uşaqların tərbiyəsində tarix, ictimaiyyat,  ədəbiyyat,   coğrafiyanın  güclü vasitə olduğu qeyd olunur, bu fənlərin tədrisinin müasir tələblər səviyyəsinə qaldırılması məsələsi qoyulurdu. Məqalədə deyilirdi: “Azərbaycan məktəbi” jurnalına əlavə olaraq nəşrinə başladığımız “Tarix, ictimaiyyat, coğrafiya tədrisi” məcmuəsinin qarşısında duran vəzifə də məhz bu məqsədə xidmət etməkdədir – həmin fənləri tədris edən müəllimlərə elmi, metodiki kömək etmək, tədrisin səviyyəsinin yüksəldilməsi işinə yardım göstərmək və beləliklə də ideoloji tərbiyənin qüdrətli vasitəsi kimi məktəbin rolunu daha da artırmağa nail olmağa çalışmaqdır” (1964, №1).
Məcmuənin səhifələrində respublikanın bir sıra görkəmli alimləri – Azərbaycan SSR EA-nın müxbir üzvü, prof. Z.İbrahimov, tarix elmləri doktoru, prof. İ.Striqunov, prof. Ə.Şakirzadə, prof. A.Nadirov, H.Əlizadə, İ.Şükürzadə, Ə.Kərimov, C.Məmmədov, A.Əbilov və başqaları çıxış edir və öz məzmunlu məqalələri ilə müəllimlərin, jurnalın sanbalını artırır, oxucuların biliyini zənginləşdirirdi. Məcmuənin 27 illik fəaliyyəti dövründə onun ixtisas redaktorları T.Əzizov, H.Ağayev, B.Paşayev, M.Quliyev olmuşdur. 
Qarşıda qoyulmuş vəziyyəti düzgün başa düşən “Tarix, ictimaiyyat, coğrafiya tədrisi” məcmuəsi ötən əsrin 70-ci illərində öz işini yüksək səviyyədə qurmağa çalışır, pedaqoji-metodik məqalələrin daha məzmunlu yazılmasına səy edirdilər. “Azərbaycan məktəbi”nin 1976-cı il 10-cu nömrəsindən götürülmüş aşağıdakı abzas bizi o illərə aparır və bizi 70-ci illərin qabaqcıl müəllimləri ilə tanış edir: “Fərəhli haldır ki, məcmuənin səhifələrində respublikanın qabaqcıl tarix, ictimaiyyat və coğrafiya müəllimlərinin çıxışlarına geniş yer verilmişdir. Məcmuənin işində daha fəal iştirak edən müəllimlərdən S.Hüseynovu (Sumqayıt şəhəri), A.Əsədovanı və B.Əlişzadəni (Bakı şəhəri), O.Qurbanov və M.Məhərrəmovu (Zaqatala rayonu), E.Abuşovu  (Qutqaşen rayonu), S.Babayevi (Qusar rayonu), Ə.Əhmədovu (Masallı rayonu), R.Kərimovu (Lənkəran şəhəri), S.Tağıyevi (Lənkəran şəhəri), V.Əsgərovu (Kirovabad şəhəri), İ.Quliyevi (Naxçıvan şəhəri), S.Quliyevi (Cəlilabad rayonu), C.Xəlilovu (Zərdab rayonu), Ş.Abdulkərimovu (Abşeron rayonu), M.Həsənovu (Qazax rayonu) və b. misal göstərmək olar”.
“Tarix, ictimaiyyat, coğrafiya tədrisi” məcmuəsi pedaqoji fikrimizin inkişafında nəzərə alınan, dəyərli fikirləri möhkəmləndirən və ya təbliğ edən, aparıcı pedaqoji-metodik fikirləri özündə ehtiva edən məqalələrlə zəngindir. Bu məqalələr bir daha göstərir ki, “Azərbaycan məktəbi” vasitəsilə tədqiq və təbliğ edilən elmi-pedaqoji fikirlər öz əksini ilk növbədə bu məcmuədə tapırdı. “Tarixin tədrisində şagirdlərdə təfəkkürün müstəqilliyi və inkişafı” adlı məqalədə öz sanballı məqalələri ilə pedaqoji ictimaiyyətə yaxşı tanış olan pedaqoji elmlər namizədi S.Zeynalov təcrübəli bir pedaqoq kimi pedaqogikanın nəzəri və praktiki məsələlərinə toxunur və onları dəyərləndirərək yazırdı ki, “Pedaqogi fikir tarixində, didaktika nəzəriyyəsində öz aktuallığını, müasirliyini və əhəmiyyətini saxlayan bu müddəalar tarixin tədrisi üçün xüsusilə xarakterikdir” (1974, №3). Tədqiqatçı alim S.Zeynalov təhsilin yeni məzmunu və tədris prosesinin daha da təkmilləşdirilməsi vəzifəsindən danışarkən təlim prosesində nəyi öyrənmək və necə öyrətmək suallarını qoyur və ona cavab axtarırdı. Təfəkkürün təhlilini və inkişafını ön plana çəkərək göstərirdi ki, təlim prosesində təfəkkür fəaliyyəti, təfəkkürün fəal müstəqilliyi və bunların biliklərin möhkəm, şüurlu mənimsənilməsi üçün əhəmiyyəti pedaqogikada heç də yeni məsələ deyildir. Pedaqoji fikir tarixinə bələd olanlar həmişə təlim prosesində şagirdlərdə ağlın, düşüncənin müstəqilliyinin onların inkişaf və tərbiyəsinə böyük əhəmiyyət verildiyini dönə-dönə qeyd edirdilər. Məqalədə Y.A.Komenskiyə istinad edilir və göstərilir ki, böyük pedaqoqun fikrincə, şagird özü mülahizə etməli, düşüncəni, əldə etdiyi bilikləri müstəqil tətbiq etməkdə onlardan istifadə etməyi bacarmalıdır. Müəllif böyük rus pedaqoqu K.D.Uşinskiyə müraciət edir və onun belə bir fikrini əsas götürür ki, uşaq müstəqil olaraq işləməli, müəllim isə ona rəhbərlik etməli və onu düzgün istiqamətləndirməlidir. Deməli, müstəqil təfəkkür ən vacib şərtdir. Uşinskinin fikrincə, təlim prosesində şagirdlərə bu və ya digər biliyin verilməsi kifayət deyildir, onların müstəqil surətdə bilik öyrətmək bacarığını da inkişaf etdirmək lazımdır. Uşinskinin didaktikasından çıxan ən başlıca nəticə budur ki, uşaqlar mümkün qədər özləri müstəqil surətdə çalışmalı, müstəqil surətdə düşünməlidirlər.
“Tarix, ictimaiyyat, coğrafiya tədrisi” məcmuəsinin digər məcmuələrdən fərqlənən öz fərdi üslubu da vardı. Yeri gəldikcə məcmuənin tematik planı əvvəlcədən dərc olunaraq öz oxucularını bu mövzularda yazmağa çağırırdı. Məsələn, məcmuənin 1975-ci il üçün tematik planında 38 mövzunun adı göstərilmişdir. Qeyd edilirdi ki, “Tarix, ictimaiyyat, coğrafiya tədrisi” metodik məqalələr məcmuəsi üçün perspektiv plan hazırlanmışdır. Perspektiv planda konkret mövzular deyil, metodikanın əsas istiqamətləri üzrə problem mövzular müəyyənləşdirilmişdir. Bu, iş təcrübəsindən yazmaq istəyən müəllimlərə istiqamət verir, metodist alimlərin diqqətini aktual problemlərə cəlb edirdi (1975, №1). Belə təcrübədən məcmuədə bir neçə dəfə istifadə olunmuşdur. Nümunə üçün bir neçə belə ümumiləşdirici mövzunu misal gətirək:
  • Tarix və ictimaiyyatın tədrisində şagirdlərin müstəqil işlərinin təşkili məsələləri
  • Tarixi mənbələrdən istifadə məsələləri
  • Coğrafiya dərslərində təbiətə məhəbbət tərbiyəsi
  • Coğrafiya tədrisinin müasir həyat hadisələri ilə əlaqələndirilməsi və b.
Məcmuədə “Çox mühüm vəzifə” adlı redaksiya məqaləsi (1968, №1) əsasən hakim ideologiyanın tələbləri baxımından yazılsa da orada bir sıra pedaqoji, metodiki  məsələlər də öz ifadəsini tapmışdır. Burada tarix və ictimaiyyat tədrisinin keyfiyyətinin yüksəldilməsi vacib sayılır. Təcrübəli metodistlərin yararlı materialı lazımınca seçib onlardan düzgün istifadə etməkdə müəllimlərə kömək etmələri tövsiyə olunurdu. Göstərilirdi ki, müəllim elmi-nəzəri səviyyəsini və pedaqoji ustalığını yüksəltmək üçün öz üzərində müntəzəm çalışmalıdır. Sonra tarixin tədrisində hələ ciddi nöqsanların olduğu da qeyd edilirdi. Orada çox obrazlı şəkildə deyilirdi ki, “Təcrübədən göründüyü kimi tarixi prosesin cazibədar mənzərəsi şagirdlər üçün çox vaxt açılıb göstərilməmiş kimi qalır. Emosional cəhətdən zəngin olan parlaq tarixi hadisələr, obrazlar və təsəvvürlər bəzən mücərrəd sxemlərlə əvəz edilir. Bu isə labüd surətdə tarixin öyrənilməsinə şagirdlərdə marağın azalmasına səbəb olur, onlarda konkret tarixi faktlara etinasız münasibət yaradır” (1968, №1).
Məcmuədə fənlərarası əlaqəyə dair yazılar da maraqlıdır. Hazırda olduğu kimi o zaman da bu problem az əhəmiyyətli görünməmişdir. Qeyd etmək lazımdır ki, ötən əsrin 60-80-ci illərində “Azərbaycan məktəbi”nin bütün əlavələrində, o cümlədən “Tarix, ictimaiyyat, coğrafiya tədrisi” məcmuəsində fəndaxili və fənlərarası əlaqələrə dair çoxlu məqalələr yazılmışdır: “Dərsin intensivləşdirilməsində fənlərarası əlaqə” (1988, №1), “Fəndaxili əlaqələrin yaradılmasında xəritədən istifadə” (1988, №5), “Tarix və ictimaiyyatın tədrisində fənlərarası əlaqədən istifadə” (1987, №5), “İctimaiyyat dərslərində fənlərarası əlaqədən istifadə” (1989, №1), “Coğrafiya tədrisinin kimya ilə əlaqələndirilməsi (1967, №3), “Coğrafiyanın tədrisində fənlərarası əlaqənin yaradılması” (1983, №8), “Tarix və ictimaiyyat üzrə fənlərarası əlaqəni necə təşkil edirəm” (1985, №1), “Coğrafiyanın riyaziyyat və ibtidai hərbi hazırlıq fənləri ilə əlaqəli tədrisi” (1986, №4), “İctimaiyyat fənni ilə kimyanın qarşılıqlı əlaqəsi” (1981, №3), “Tarix və ictimaiyyat üzrə fənlərarası əlaqələr” (1985, №1), “İctimaiyyatın tədrisində fənlərarası əlaqənin şagirdlərin biliyinə təsiri” (1966, №4), “Tarix dərslərində bədii ədəbiyyatdan istifadə” (1966, №3), “İctimaiyyatın fizika və kimya fənləri ilə əlaqəli tədrisi təcrübəsindən” (1969, №1) və b. bu qəbildəndir. Məqalələrdə gətirilən həyati faktlar fənlərarası əlaqəyə dair gözəl misal kimi uzun müddət şagirdlərin yaddaşından silinmir. Məqalələrdə qoyulan problemlər böyük dahilərin ideyalarını bir daha təsdiq edirdi. Məqalələrdəki fikirlər dahilərin kəlamları ilə səsləşirdi. Fənlərarası əlaqələrə misallar indi də rəngarəngdir. A.Puşkin demişdir: “Qəlbən şair olmayan əsl riyaziyyatçı ola bilməz”, Leonardo da Vinçi demişdir: “İnsan kəşflərinin heç biri elmi həqiqət olmaz, əgər o, riyazi sübutlarla təsdiqlənməsə”, M.V.Lomonosov demişdir: “Bütün elmlərin qrammatikaya ehtiyacı var”. Beləliklə, inteqrasiyalar təlim prosesinin bütün dövrlərində şagirdlərin diqqətini elmə yönəldir, onu aktiv fəaliyyətə sövq edir.
“Tarix, ictimaiyyat, coğrafiya tədrisi” məcmuəsində tərbiyə məsələlərinə, o cümlədən estetik tərbiyə məsələlərinə həsr olunmuş məqalələr də çap olunmuşdur. Bütün dövrlərdə böyüyən nəsildə bədii yaradıcılıq bacarıq və vərdişləri, bədii estetik qabiliyyətləri inkişaf etdirmək məqsədəuyğun sayılmışdır. Şəxsiyyətin tərbiyəsində estetik tərbiyə böyük rol oynayır. O, yaradıcı əməklə, fiziki sağlamlıqla da sıx əlaqəlidir. Estetik tərbiyə insanda gözəllik hissi, estetik zövq yaradır. İncəsənətin müxtəlif növlərində müəyyən sahələrə yiyələnənlər cəmiyyətə gözəllik bəxş edirlər. Ona görə də pedaqogikada, psixologiyada, hətta metodika elminin müxtəlif sahələrində estetik tərbiyəni unutmaq olmaz. Məhz, elə bu səbəbdəndir ki, məcmuənin daimi oxucuları, müəllifləri estetik tərbiyəyə dair məqalələrlə çıxış edirdilər. Bu məqalələrin içərisində məcmuənin ən fəal oxucusu və müəllifi, pedaqoji elmlər namizədi Süleyman Zeynalovun məqaləsi daha çox fərqlənirdi. “Tarix dərslərində şagirdlərin estetik tərbiyəsi” adlı məqalədə (1971, №1) müəllif estetik tərbiyənin tarixinə, inkişaf yoluna nəzər salır, çoxlu nümunələr göstərir və bütün dövrlərin, zamanların, ölkələrin tərbiyə sistemində estetik tərbiyənin yerini müəyyənləşdirməyə çalışmışdır. Müəllif məqaləni belə başlayır: “Mənəvi zənginlik insanda ən qiymətli, ən yüksək əxlaqi keyfiyyətdir. Sağlam estetik zövq tərbiyə etmək, əslində sağlam və yüksək əxlaqlı insan tərbiyə etmək deməkdir”. Müəllifin fikrincə, estetik tərbiyə ümumtəhsil fənlərin tədrisi qarşısında duran mühüm vəzifələrdən biridir. Müəllif tarixə, tarixdəki mədəniyyət abidələrinə nəzər salaraq, bu qənaətə gəlir ki, tarix fənni şagirdlərin estetik tərbiyəsi üçün böyük inam və əhəmiyyətə malikdir. Estetik tərbiyə incəsənət əsərləri vasitəsilə gənc nəsli gözəllik aləminə yaxınlaşdırır, onlarda həqiqi gözəlliyi qavramaq vərdişləri aşılayır. Estetik tərbiyə məktəblilərdə gözəlliyə olan həssaslığı artırır, onların mənəvi aləminə qüvvətli təsir edir. Bu da onları tarix dərslərində qarşıya qoyulmuş məqsədə qovuşmağa hazırlayır. Bunu əsas götürən müəllif proqrama uyğun olaraq tarix dərslərindəki “Qədim Misirin mədəniyyəti”, “Eramızdan əvvəl V əsrdə Yunanıstan mədəniyyətinin çiçəklənməsi”, “Roma mədəniyyəti”, “Bizans mədəniyyəti, memarlıq və təsviri incəsənət”, “XIV-XVI əsrlərdə mədəniyyətin inkişafı” və b. estetik tərbiyə üçün çox gözəl material verir. Müəllif onu da xatırladır ki, estetik tərbiyə gözəlliyi sevmək, onu qiymətləndirə bilməklə yanaşı, uşaqlarda incəsənəti tərbiyə etməyi də qarşıya qoyur. Müəllif tarix dərslərində şagirdlərin estetik tərbiyəsindən danışarkən təkidlə qeyd edir ki, Azərbaycan tarixinin materiallarından xüsusilə geniş istifadə edilməlidir. Müəllif məqalə boyu Azərbaycan tarixi abidələrindən danışır, çoxlu nümunələr göstərir. Onun fikrincə, tarixin tədrisində bədii ədəbiyyatdan, tədris kino-filmlərindən istifadə şagirdlərin estetik tərbiyəsi üçün çox faydalı olur.
Məcmuədə “Tarix dərslərində şagirdlərin estetik tərbiyəsi” (1965, №6), “Tarix dərslərində bədii zövq tərbiyəsi” (1986, №2), “Maddi mədəniyyət abidələrimiz” (1975, №5), “Coğrafiyanın tədrisində şagirdlərin estetik tərbiyəsi” (1984, №4), “Şagirdlərin estetik tərbiyəsində Azərbaycan tarixi dərslərinin imkanları” (1981, №4), “İctimaiyyatın tədrisində estetik tərbiyə məsələləri” (1982, №6) və başqa məqalələr də yazılmışdır.
Məcmuədə müasir tələblərlə səsləşən tədqiqatçılıq metoduna da toxunulmuş, bu mövzuda bir neçə məqalə çap olunmuşdur. Əlbəttə, pedaqogikanın müasir dövr üçün aktual sayılan təlim metodlarından, o cümlədən tədqiqatçılıq metodundan bəhs etmək Azərbaycanda pedaqoji fikrin inkişafı ilə bağlı idi. İndi tədqiqatçılıq metodunun tətbiqi adi haldır və o fənlərin tədrisində sınaqdan keçmiş təcrübələr sırasındadır. “Coğrafiyanın tədrisində tədqiqatçılıq metodu” məqaləsində müəllif Ə.Hüseynov tədqiqatçılıq metodunu şagirdlər tərəfindən bu və ya digər dərəcədə həll oluna bilən məsələlərdən biri sayır. Onun fikrincə, nəticələr səhv olsa belə, tədqiqatçılıq işində şagirdə müstəqillik verilməlidir. Şagird bu işdə axtarıcılığa qoşulur, hər kiçik uğuru onu sevindirir. Onlar xəritə üzərində işləməyə də alışırlar. Müəllif akademik L.S.Berqin belə bir sitatını gətirmişdir: “Hər cür coğrafi tədqiqat xəritədən başlanır, xəritə ilə qurtarır”. 
XX əsrin ən mürəkkəb dövründə uğurlu fəaliyyət göstərən məcmuənin zəhməti hədər getməmişdi. O, üç onillik ərzində tarix, ictimaiyyat və coğrafiya müəllimlərinə çox şey vermişdir. 80-ci illərin sonlarında tarixi faktlara münasibətlər bir az durulmuşdur. Ona görə də məcmuənin sonuncu nömrələrindən birində deyilirdi: “Azərbaycan tarixinin tədrisi vəziyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. Tariximiz ayrıca fənn şəklində öyrənilməklə yanaşı onun tədrisi saatları təqribən iki dəfə artırılmış, yeni proqram hazırlanmış, təzə dərsliklər yazılmağa başlanmışdır”.
Məcmuə öz işini 1990-cı ildə dayandırdı. Bununla da müstəqil respublikanın təhsilinin yeni dövrü başlandı. “Tarix, ictimaiyyat, coğrafiya tədrisi” məcmuəsi isə çox mürəkkəb zamanlarda öz sözünü dedi.

Прокомментировать
yenilə, əgər kod görünmürsə
Partnyorlar