95 il
ISSN: 0134-3289
E-ISSN: 2617-8060
DOI: 10.32906
» » Jurnal haqqında

Jurnal haqqında

22 aprel 2019, Bazar ertəsi
48
"KİMYA və BİOLOGİYA TƏDRİSİ" METODİK MƏQALƏLƏR MƏCMUƏSİ
"AZƏRBAYCAN MƏKTƏBİ" JURNALINA ƏLAVƏ 

Yaranma zərurəti
ⅩⅩ əsrin ortalarında Azərbycanda politexnik təlimin tətbiqi təbiət və kimya fənlərinin tədrisində böyük rol oynayırdı. Şagirdlərin praktik fəaliyyətə hazırlanması kimya və biologiya fənlərinin tədrisini yaxşılaşdırmagı tələb edirdi. Politexnik təlimin inkişaf etdirilməsi və böyüdülməsi məktəblər qarşısında qoyulan əsas məsələlərdən biri idi.
Kimya və biologiya müəllimlərinin qarşısında duran bu vəzifəni yerinə yetirmələri üçün onlara metodik yardım göstərmək və bu elmlərin yenilikləri ilə tanış etmək olduqca vacib idi. Bu səbəbdən “Kimya və biologiya tədrisi” məcmuəsi “Azərbaycan məktəbi” jurnalına əlavə olaraq 1956-cı ildən etibarən çap olunmaga başladı.
Məcmuənin Kimya bölməsində kimya istehsalatının elmi əsasları və prinsipləri, müəllimlərin təcrübə mübadiləsi və digər mövzulara aid məqalələr çap olunmaga başladı. Bundan başqa, xüsusi buraxılışda kənd təsərrüfatı kimyası, neft kimyası, təcrübələr və təcrübələrdə isdifadə olunacaq yeni cihazlar haqqında da məlumat verilirdi.
Məcmuənin Biologiya bölməsində Azərbaycanın heyvan və bitki aləmini öyrənmək üsulları, məktəbyanı sahələrdə təcrübələrin aparılması qaydaları, kənd təsərrüfatı heyvanlarına qulluq etmək, bol məhsul becərib əldə etmək yolları şagirdlərə izah olunurdu. Məcmuədə həmçinin biologiya elmində olan yeniliklər, bu elmi dərindən öyrənmək üçün aparılan təcrübələr də dərc olunurdu.
Bu əlavə məcmuə müəllimlərin elmi və metodik səviyyəsini yüksəltməyə xidmət edirdi. İl ərzində 4 məcmuə çap olunaraq oxucuların isdifadəsinə verilirdi. Burada dərslərin daha yaxşı mənimsənilməsi üçün kino-filmlərdən isdifadə olunması da göstərilmişdir. Estetik tərbiyyə və maarifləndirici üslub həmçinin məcmuədə öz əksini tapmışdı.
Kimya və biologiya müəllimlərinin burada verilən məlumatları dərindən öyrənib dərs zamanı bunları tətbiq etmələri məqsədəuygun hesab olunurdu. Müəllimlərin apardıqları tədqiqatların nəticələri haqqında redaksiyaya məqalə göndərmələri xahiş olunurdu. Müxtəlif illərdə çap olunan “Kimya və biologiya” məcmuəsində kimya və biologiyanın müxtəlif məsələlərinə toxunulmuşdur.

Əlavə məcmuənin ilk redaktorları
1956-cı ildən 1968-ci ilədək “Kimya və biologiya tədrisi" metodiki məcmuəsinin ilk redaktorları Ə.Əbdürrəhimov və M.Ə.Axundov olmuşdur. 1956-ci ildə bu məcmuədə öz dəyərli məqalələri ilə çıxış etmiş ziyalılardan Q.İbadzadə, B.P.Pleşkov, H.Novruzlu və s. göstərə bilərik. 1957-ci ildə çap olunan məcmuədə kimya sahəsi üzrə R.Əliyev, O.A.Reutov, P.A.Qloriozov, M.İ.Aframov, A.A.Verdizadə öz məqalələrini oxuculara çatdırmışlar. Biologiya bölməsində isə öz tövhələrini verən ziyalılardan C.Cəbrayılbəyli, M.Axundov, M.Həsənzadə, V.Vahabov, Ş.S.Ağayevi və s. adlarını çəkə bilərik. 1958-ci ildə “Kimya və biologiya tədrisi" məcmuəsində M.Mustafayev, M.İ. Qureviç, M.Qovenski və b. öz məqalələri ilə çıxış etmişlər. 1959-cu il məcmuəsində kimya sahəsində Y.Abbasbəyli, A.Vəlizadə, İ.Qasparov, biologiya sahəsində isə Ş.Ağayev, N. Babayev, R.Babayev kimi elm xadimləri öz məqalələrini oxuculara çatdırmışlar. 1960-cı il “Kimya və biologiya tədrisi" məcmuəsində kimya sahəsi üzrə İ.İsrailov, Ə.Xəlilov, M.Həsənova, G. Əliyev və b., biologiyaya aid bölmədə isə M.Axundov, Ə.İmaməliyev, K.Hacıyev, M.Həsənzadə və s. məqalələri çap olunmuşdur.

Tədrislə elmin vəhdəti
1956-1960-cı illər ərzində dərc olunan məqalələr içində orta məktəb müəllimlərinin də məqalələrinə rast gəlmək olur. Deməli orta məktəb müəllimlərinin "Kimya və biologiya tədrisi" məcmuəsində məqalələrlə çıxış etmək imkanı geniş olmuşdur. Bunlardan bir neçəsini oxucuların diqqətinə çatdırmaq istərdik. Əməkdar müəllim T.Rəhimbəyov botanika dərslərində otaq bitkilərindən istifadə olunması və bu bitkilərin çoxaldılması haqqında yazmışdır. 1958-ci ildə çap olunan məcmuədə Bakı şəhər 46 və 1 №-li məktəb müəllimlərinin iş təcrübələrindən bəhs edilmişdir. 190 №-li məktəbin kimya müəllimi öz məcmuəsində məktəbdə kimya kabinetini necə təşkil etməklərindən söz etmiş, kimyada praktik bacarıq və vərdişləri aşılamaq üsullarını göstərmişlər. 1959-cu ildə nəşr olunan məcmuədə 176№-li məktəbin müəllimi A.Vəlizadə “Avaqadro qüanunu və tətbiqi” mövzusunu necə tətbiq edirəm adlı məqalə ilə çıxış etmişdir. 1960-cı ildə nəşr olunan məcmuədə 31№-li məktəbin kimya müəllimi M.Həsənova bəzi kimyəvi elementlərin (O2,H2, Cl,Br,S,Al, Fe,P, N) və maddələrin kəşfi tarixindən danışmışdır. Orta məktəb müəllimləri ilə bərabər ali təhsil ocaqlarının müəllimləri də öz məqalələrini “Kimya və biologiya tədrisi" məcmuəsində paylaşmışlar. Bunlardan 1957-ci ildə APİ-nin müəllimi M.Həsənzadə tənəffüs üzvlərinin tədrisinin təlim-tərbiyəvi əhəmiyyəti haqqında yazdığı məqaləni qeyd edə bilərik. 1959-cu ildə D.Xıdırov neft məhsullarından alınan sintetik maddələr haqqında məlumat vermişdir.
Məcmuədə həmçinin  kimyada çatışmayan cəhətlər, dövri sistemin yeni elementləri haqqında, kimya dərslərində təbii sərvətlərin öyrədilməsi, üzvi kimyanın nailiyyətləri ilə baglı  məsələlərə toxunulmuşdur. Biologiya bölməsində suda-quruda yaşayanlar və sürünənləri öyrənərkən ölkəşünaslıq materialından istifadə olunması, gübrələrin bitki qidalanmasında rolu və s. kimi geniş məqalələr yer almışdır.
1961-ci ildə çap olunan məcmuədə kimya bölməsində öz məqalələri ilə çıxış edən ziyalılardan M.İ.Abramov, Y.Abbasəliyev, İ.Qurbanov, R.Y.Əliyev, Ə.Xəlilov, C.Şükürov, biologiya bölməsində isə M.Axundov, S.B.Tagıyev, T.R.Tahirova, G.A.Hacıyev, V.F.Şalayev və b. gösdərə bilərik.
Pedaqoji elmlər namizədi dos.Ə.Əbdürrəhimov 8-ci siniflərdə valentlik anlayışının öyrədilməsi ilə baglı və 9-cu sinifdə onun möhkəmləndirilməsi haqqında müəllimlərin verdikləri sualları cavablandırmışdır. İslam İsrafilov “Nar dərman bitkisidir” adlı mövzusuyla biologiya bölməsində çıxış etmişdir. M.Axundov biologiya tədrisini həyatla əlaqələndirmək haqqında, Z.R.Möhsümov isə xarici görünüşünə görə bitkilərin qida maddələrinə olan ehtiyaclarının müəyyən edilməsi haqqında məqalələr yazmışlar.
1962-ci ildə kimya bölməsində E.Abdullayev, M.İ.Abramov, V.Qarayev, Q.Kazımov, V.Məmmədzadə, Ə.Xəlilov və biologiya bölməsində Q. Əliyev, N.Babayev, S.Tagıyev, H.Həsənov, C.Cəbrayılbəyli, dos.G.A.Hacıyev məqalələrini oxucuların diqqətinə çatdırmışlar. Kimya bölməsində N.Qarayev istehsalat təliminin təşkili təcrübəsindən, V.Qarayev “azot” bəhsində azot oksidlərinin tədrisi təcrübəsinə aid, V.Məmmədzadə üzvi kimyanın tədrisində şagirdlərin kitab üzərində müstəqil işlərindən, biologiya bölməsində isə Minayə Əliyeva “sinif dərslərində biologiya fənlərinin ayrı-ayrı mövzularını həyatla necə əlaqələndirirəm” və bu kimi başqa mövzulardan söhbət açmışlar.
1963-cü il ildə çap olunan məcmuədə kimya bölməsində N.Qarayev, Ə.Əbdürrəhimov, V.Məmmədzadə, M.Salamov, Ə.Xəlilov, S.Q.Şapovalenko və b., biologiya bölməsində T.A.Abdulkərim, Ə.Əkbərov, Ə.Hacıyev, A.M.Suzmer, İ.Seyidov, T.Rüstəmov və s. kimi ziyalılar öz məqalələri ilə çıxış etmişlər. M.Bəşirov 9-cu sinifdə “metan, neft və daş kömür” mövzularını necə keçdiyini, H.Həsənov Azərbaycan aluniti və zəy istehsalı haqqında, R.Y.Əliyev “metallar” haqqında yazmışlar. Biologiya bölməsində isə Ə.Hacıyev “hüceyrə” haqqında, A.M.Suzmer biologiyadan biliyin yoxlanılmasının təlim üçün əhəmiyyəti haqqında, T.Rüstəmov “irsiyyət və dəyişkənlik” mövzusu ilə əlaqədar təcrübə haqqında olan yazılarını oxucuların diqqətinə çatdırmışlar.
1964-cü il məcmuəsinin buraxılışlarında öz məqalələri ilə çıxış edən ziyalılardan kimya bölməsində R.Yusifov, E.Abdullayev, A.L.Məmmədov, H.Həsənov, K.Şahbazov, M.Rzayev; biologiya bölməsində isə T.Abdulkərimov, Ə.Əbdürrəhimov, Ş.Mustafayeva, Ə.İmaməliyev və b. göstərə bilərik.
S.Quluzadə öz məqaləsində "Azərbaycanda kimya alimləri nə üzərində işləyirlər" mövzusuna toxunmuşdur. Azərbaycan elmi-tədqiqat Pedaqogika İnstitutunun elmi işçisi V.Məmmədzadə “laborator üsulu ilə asitilenin alınması təcrübəsinin təşkili və keçirilməsi” haqqında yazmışdır. Biologiyaya aid bölmədə Ş.Mustafayeva “agac gövdəsinin quruluşu” mövzusunu 5-ci siniflərdə necə tədris etməsindən, biologiyada metodik çöl təcrübələrinin aparılması qaydalarından bəhs etmişlər. 
1965-ci ildə çap olunan məcmuədə kimyaya aid öz məqalələrini təqdim etmiş ziyalılardan H.A.Agakişiyev, M.Əliyev, N.Əliyev, B.Zaxarov, Q.Ə.Kazımov, K.Şahbazov, F.T.Turçaninova, M.Salamov, A.Məmmədov; biologiyaya aid bölmədə isə R.Y.Ayrıyeva, Ə.Quliyev, M.Balakişiyev, Y.Y.Malinskaya, S.Zeynalov, F.Xələfov və b. göstərə bilərik.
C.Əmirquliyev Azərbaycanda kimyanın inkişaf tarixindən, H.Novruzlu isə "Ⅸ Mendeleyev qurultayında nə kimi məsələlər müzakirə olunmuşdur" mövzusunda, N.Əliyev "Üzvi kimyanı keçərkən qeyri-üzvi kimyanı necə təkrar edirəm" mövzusunda, B.Həsənov və R.Əliyev kauçuk və ondan rezin alınması, A.Məmmədov "Kimya dərslərində şagirdlərin müstəqil işlərini necə təşkil etmələrini açıqlaması" mövzusunda məqalələr təqdim etmişlər. Biologiya bölməsində isə Ə.Qənbərli "Zoologiyadan müşahidəçiliyi necə istiqamətləndiririk", L.Jinkin “hüceyrə” haqqında, Ə.İmaməliyev "Gözəl, zəngin təbiətimizi qoruyaq" mövzusunda, F.Xələfov “irsiyyət və dəyişkənlik” haqqında Ç.Darvinin təlimi barəsində məqalələrini oxucuların diqqətinə çatdırmışlar.
1966-cı il məcmuəsinin buraxılışlarında Ə.Bagırov, Ə.Quluzadə, R.Əbdürrəhimova, R.Yusifov, M.Məmmədov, F.Həsənov, Ə.Rüstəmov, V.Salmanov, İsa Həsənov kimya sahəsində, İ.Quliyev, H.Mustafayev, V.Q.Rojkova, Ə.Hacıyev, T.Abdulkərimov, İ.Quliyev və b. biologiya səhəsində öz tövhələrini vermişlər. 1966-cı il məcmuəsində Y.Abasəliyev “xlor” mövzusunu necə tədris edirəm, dos.Ə.Əbdürrəhimov və dos.A.Verdizadə “qeyri-üzvi maddələrin alınması haqqında”, R.Əliyev və Ə.Ə.Məmmədov “zəncirvari reaksiyalar” barəsində yazmışlar. T.Abdulkərimovun “botanikadan təcrübələrin şagirdlərin biliyinə təsiri”, V.Q.Rojkovanın "Bakteriya və maya göbələklərini öyrənəndə təcrübə və nümayişlər" haqqında olan məqalələri məcmuənin 1966-cı il burxılışında yer almışdır. 
1967-ci il məcmuəsinin kimya bölməsində M.Abbasov, S.K.Axundov, İ.Vəlibəyov, V.Salmanov, K.Şahbazov, E.İ.Sultanova, R.Y.Əliyev, M.Dəmirov və başqaları məqalələrlə çıxış etmişlər. Ə.Əbilov kimya dərslərində şagirdlərin fəallaşdırılması təcrübəsindən, H.Həsənov “etil spirti və onun istehsalı”, biologiya bölməsində isə A.Abbasov “çiçəyi sevək və sevdirək” mövzusunda, G.Məmmədova “qan dövranı” mövzusunun tədrisinə aid məsləhətlər, F.Şərifov “suda-quruda yaşayanlar” sinfi mövzusunun tədrisi təcrübəsindən, P.Paşayev “süni membranın alınması və xassələri” haqqında olan mövzular üzrə məqalələrlə çıxış etmişlər.
1968-ci il məcmuəsinin kimya bölməsində S.A.Şükürov, R.Y.Əliyev, M.Fərəcov, B.Həsənov, S.Nəsibov; biologiya bölməsində isə M.Axundov, Sara Binəndə, E.P.Brunovt, R.D.Maş, H.Fərzəlibəyli, T.Mustafayev və s. məqalələri çap olunmuşdur. S.A.Şükürov təsirsiz qazlar və onların birləşmələri, M.Fərəcov kimya dərslərində “metallar” mövzusunun fizika ilə əlaqəli tədrisi, T.Mustafayev “hafizə və biologiya”, H.Fərzəlibəyli “xromosom və irsiyyət”, G.Məmmədova isə daxili sekresiya vəzilərinin tədrisinə aid məsləhətlərlə çıxış etmişlər.
1969-cu ildə nəşr olunan məcmuənin redaktoru R.Əliyev olmuşdur. Bu məcmuədə öz məqalələri ilə çıxış edən ziyalıların bir neçəsini sizlərə təqdim edirik. Kimya bölməsində E.Abdullayev, A.Əliyev, Ə.Xəlilov, biologiya bölməsində M.A.Axundov, N.Babayev, N.Rzayev, Ə.Salahov, V.Hacıyev və s. A.Əliyev “çugundurdan şəkər istehsalı” mövzusunun tədrisi təcrübəsindən, İ.Mədayıl Respublikamızın qoruqları, P.Paşayev fiziki hadisələrin bioloji əhəmiyyəti, A.Əsgərov "biogeosenologiya nəyi öyrənir", V.Hacıyev “qurdlar”, A.L.Məmmədov şagirdlərin xəzli heyvanlarla tanış edilməsi mövzularında yazdıqları məqalələr yer almışdır.
1970-ci ildə nəşr olunan məcmuənin redaktoru R.Əliyev olmuşdur. Burada kimya üzrə H.Atakişiyev, H.Məmmədov, F.Həsənov, İ.Həsənov, T.Hüseynov, X.X.Şamilov, R.Y.Əliyev; biologiya üzrə isə Q.Əliyev, V.Zeynalov, İ.Mayılov, Ə.Salahov, H.Şahvələd, M.Şükürova, H.Fərzəlibəyli, V.Əligülov və başqaları bu elmlərin incəliklərinə aid məsələlərə toxunmuşlar. Buna misal olaraq H.Məmmədovun kimya dərslərində fənlərarası əlaqənin təşkili, Ə.Əlbəndov və D.Tagıyevanın “atom quruluşunun kvant mexanikası” əsasında izahı, M.Şükürovanın “kök” bəhsinin tədrisinə dair, Ə.Salahovun “bagırsaqboşluqlar”, H.Fərzəlibəylinin “süngərlər”, P.A.Paşayevin hüceyrənin öyrənilməsində biologiya ilə fizikanın əlaqəsi, V.Zeynalovun zoologiyanın tədrisində müşahidəçiliyin necə istiqamətləndirilməsi mövzularını göstərə bilərik.
“Kimya və biologiya tədrisi" məcmuəsinin məqsədi tədrisin yaxşılaşdırılması, kimya və biologiya tədrisini həmin dövrlərin təlabatı səviyyəsinə qaldırılması və kimya, biologiya elmini dərindən mənimsətmək və bu elmlərin yaratdgı möcüzələrin sirrini aydınlaşdırmaqdan ibarət idi. Məcmuələrdə qabaqcıl müəllimlər öz iş təcrübələrini başqa məktəblərdə də yaymaga çalışırdılar və bütün bunlar müəllimlərin öz vəzifələrini yerinə yetirmələrinə böyük kömək edirdi. Böyük ziyalılarımızın əməyi nəticəsində ərsəyə gələn “Kimya və biologiya tədrisi" məcmuəsi müəllimlər və məktəblər qarşısında qoyulan mühim vəzifələrin asanlıqla yerinə yetirilməsində çox böyük rol oynamışdır.

Mətni hazırladı:
Nuranə Məmmədova,
“Azərbaycan məktəbi” jurnalının müxbiri.
E-mail: nuraneeynalli@gmail.com
Прокомментировать
yenilə, əgər kod görünmürsə
Partnyorlar