95 il
ISSN: 0134-3289
E-ISSN: 2617-8060
DOI: 10.32906
» » Jurnal haqqında

Jurnal haqqında

22 aprel 2019, Bazar ertəsi
56
 "FİZİKA VƏ RİYAZİYYAT TƏDRİSİ" METODİKİ MƏCMUƏSİ 
“AZƏRBAYCAN MƏKTƏBİ” JURNALINA ƏLAVƏ

Azərbaycan pedaqoji fikrinin daşıyıcılarından olan “Azərbaycan məktəbi” jurnalına əlavələr sırasında “Fizika və riyaziyyat tədrisi” məcmuəsi metodik problemləri əhatə dairəsinə görə digər məcmuələrdən fərqlənir. Müasir dərsə verilən tələblərlə əlaqədar materialların dərc edilməsinə, bütün dünyada fizika və riyaziyyat elmləri sahəsində qazanılmış kəşf və yeniliklərin işıqlandırılmasına, qabaqcıl təcrübənin yayılmasına müntəzəm diqqət yetirilməsinə görə məcmuə geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. “Fizika və riyaziyyat tədrisi” məcmuəsi Azərbaycanda fizika və riyaziyyat müəllimlərinə ana dilində sistemli, nəzəri-pedaqoji və elmi-əməli kömək göstərə ilk məcmuə olmuşdur.
Məcmuənin ilk nömrəsi 1954-cü ildə çapdan çıxmışdır. Müxtəlif dövrlərdə bu məcmuənin ixtisas redaktorları İ.Hacıyev, K.Köçərli, A.Abaszadə, S.Ə.İmamzadə, A.Nuruşov olmuşdur. 1974-cü ildən məcmuəyə Z.Qaralov rəhbərlik etmişdir. Məcmuənin ən məhsuldar dövrü də həmin illəri əhatə edir. 
Məcmuənin nəşri və redaktəsində SSRİ PEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Abbasqulu Abbaszadə, pedaqoji elmlər namizədi Süleyman İmamzadə, professor Abdulla Nuruşov və əməkdar müəllim İ.Hacıyevin az zəhməti olmamışdır. Məhz onların əməyi nəticəsində məcmuə, qarşısında qoyulmuş vəzifələri layiqincə yerinə yetirmək üçün bütün imkanlardan istifadə etməyə çalışmışdır. Bu səbəbdən də məcmuənin elmi-nəzəri səviyyəsi günü-gündən yüksəlmiş, müəllimlərə göstərilən əməli kömək daha effektli olmuş, elmi biliklər ardıcıllıqla təbliğ edilmişdir.
“Azərbaycan məktəbi”nin əlavəsi olan “Fizika və riyaziyyat tədrisi” metodik məcmuəsinin fizika və riyaziyyatın tədrisi sahəsində gördüyü işlərdən danışdıqda bu fənlərin tədrisi metodikasının inkişaf tarixinə dair məcmuənin özünün məlumatını xatırlatmağı lazım bilirik. Prof. A.Abbaszadə “Azərbaycanda fizika və onun tədrisi metodikasının inkişafı tarixindən” (1967, №3) məqaləsində oxucularını çox dəyərli faktlarla tanış etmişdir. 
Professorun fikrincə, fizikanın tədrisi metodikasını qaydaya salmaq əsasən APİ və ADU-da həmin fənni tədris edən müəllimlərin öhdəsinə düşmüşdür. Bu sahədə professor E.B.Lapuxli, prof. V.İ.Tixomirov, prof. R.Məlikov, dos. A.Q.Alfinov və B.R.Mirzəyevböyük əmək sərf etmişdir. Fizikanı Azərbaycan dilində ilk dəfə prof. R.Məlikov və prof. M.Əfəndiyev tədris etmişlər. O zaman R.Məlikov fizika kafedrasının, M.Əfəndiyev isə riyaziyyat kafedrasının müdiri olmuşdur. Sonralar onların işlərini A.Axundov, M.Əliyev, R.Həsənov, Z.Kazımzadə, L.Axundov davam etdirmişlər. Ötən əsrin 30-cu illərində M.Abdullayevin və başqalarının metodikaya dair məqalələri “Azərbaycan məktəbi”nin sələfi olan “Müəllimə kömək”də dərc olunurdu. APİ-də (indiki ADPU-da) fizika metodikası sahəsində müxtəlif istiqamətlərdə tədqiqatlar aparılırdı. Bu tədqiqatların nəticələri “Советская педагогика",  “Физика в школе”, “Azərbaycan məktəbi”, “Fizika və riyaziyyat tədrisi” və b. pedaqoji orqanlarda çap olunurdu. 1956-1957-ci illərdə müəllimlər üçün təşkil olunan elmi-metodiki seminarlarda bu tədqiqatların praktiki nəticələri müzakirə olundu. Bütün bunlar respublikamızda fizika-riyaziyyat və bu elmlərin metodikası üzrə kadrlar hazırladı. Elm və təhsilin birgə səyi nəticəsində fizikanın tədrisi metodikası elminin əsası qoyuldu. Onun nəticələri isə öz əksini “Fizika və riyaziyyat tədrisi” məcmuəsində tapdı. Ötən əsrin 50-ci illərindən başlayaraq məcmuədə müxtəlif səpkili məqalələr çap olundu. 
Eyni inkişaf yolunu Riyaziyyat metodikası da keçmişdir. Pedaqoji elmlər doktoru B.Ağayevin “Respublikamızda riyaziyyat tədrisi metodikasının inkişafı” adlı məqalədə (1967, №3) 20-30-cu illərdən başlayaraq, 40-50-ci illərə qədərki yollara da nəzər salınırdı. Riyaziyyatın metodikası və tədrisi sahəsində böyük xidmətləri olan B.Ağayev riyaziyyatın metodikası sahəsində ilk dəfə dissertasiya müdafiə edən alim olmuşdur.
B.Ağayev bu sahədəki elmi və elmi təşkilati işlərdən danışarkən yazmışdır: “Orta riyaziyyata aid dərc edilmiş elmi və metodiki vəsaitlərin köməyi ilə riyaziyyat müəllimləri günün tələblərindən məlumat ala bilirlər. “Azərbaycan məktəbi” jurnalına əlavə şəklində 1954-cü ildən çap edilən “Fizika və riyaziyyat tədrisi” məcmuəsi orta ümumtəhsil məktəblərində fizika və riyaziyyat tədrisinin yaxşılaşdırılmasında müəllimlərimizə yaxından kömək edir. Məktəb riyaziyyatının qarşısında duran tələbləri ödəyə bilmək üçün həmin məcmuənin ayrıca fizka və ayrıca riyaziyyat seriyalarına ayrılması və həcmcə artırılması vaxtı çoxdan çatmışdır".
Riyaziyyatçılarımız özlərinin ilk qələm təcrübələrini bu məcmuədə sınaqdan çıxarırdılar. Riyaziyyat tədrisi metodikasının müstəqil bir elm sahəsi kimi inkişaf etməsində riyaziyyat üzrə elmi əsərlər və məqalələrdən başlanmışdır, desək, burada “Fizika və riyaziyyatın tədrisi” məcmuəsinin də adı çəkilməlidir. 
B.Ağayevin bu məqaləsinin yazıldığı dövrdə respublikamızda 14 fzika-riyaziyyat elmləri doktoru, professor və yüzdən yuxarı elmlər namizədi çalışmaqda idi. O da qeyd edilməlidir ki, 1938-ci ilə kimi respublikamızda fizika-riyaziyyat və bu elmlərin metodikası üzrə bir nəfər də olsun elmi dərəcəsi olan adam yox idi. Yalnız 1944-1948-ci illərdə APİ-də namizədlik dissertasiyalarını qəbul edən elmi şura fəaliyyət göstərməyə başladı. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda fizika metodikası sahəsində ilk məqalələr R.B.Məlikov, A.Q.Alfinov, M.A.Abdullayev, A.Q.Abbaszadə, B.R.Mirzəyev və Z.İ.Əlizadə tərəfindən yazılmış və “Azərbaycan məktəbi”nin ikinci sələfi olan “Müəllimə kömək” jurnalında çap olunmuşdur.
Məcmuədə pedaqoqlara, psixoloqlara geniş meydan verilməsi nəticəsində çap olunan yazılarda insan tərbiyəsinə kompleks yanaşmaq, təlim və tərbiyə metodlarını həyatın tələblərinə uyğunlaşdırmaq, ümumiyyətlə, təhsilin qarşısında qoyulan aktual problemlərin həllində müəyyən uğurlar qazanılmışdı. Bu məqalələrdə xalq maarifi işçilərinin fəaliyyəti düzgün istiqamətləndirilir, pedaqoji elmlər və məktəb qarşısında qoyulan vəzifələrin həyata keçirilməsinə aydınlıq gətirilirdi. 
Beləliklə, ölkəmizdə metodika elmi də inkişaf etdi və ötən əsrin 50-ci illərinin ortalarında pedaqogika, psixologiya elmləri ilə yanaşı, təhsilimizə, elmimizə xidmət etdi.
Yeni təlim üsullarının təbliği, tədrisin elmi-metodiki cəhətdən təşkilini istiqamətləndirmək üçün “Azərbaycan məktəbi”nə əlavə kimi pedaqoji məcmuələrin nəşrinə ehtiyac yaranır. Əsrin ortalarında riyaziyyat və fizikanın tədrisinin təkmilləşdirilməsi, məktəblərdə politexnik təlim və əmək tərbiyəsinə aid yeni tədris planları və proqramlarının qüvvəyə minməsi, məzmunca tamamilə yeni olan dərsliklərin yazılması qarşıya da yeni tələblər qoyurdu. Artıq bütün bunları əhatə edən yazıları yalnız bir jurnalda yerləşdirmək mümkün deyildi. Xüsusən əldə edilən təcrübələrə aid məqalələrin nəşri jurnalın səhifələrinə sığa bilməzdi. Ona görə də bu müəllimlərə ana dilində sistemli əməli-elmi kömək göstərə bilən məcmuənin zəruriliyi meydana çıxırdı. 
“Fizika və riyaziyyat tədrisi” məcmuəsində elə ilk nömrədən başlayaraq təlimin forma və üsullarının təkmilləşdirilməsi məsələlərinə hər nömrədə bu və ya digər dərəcədə toxunulmuş, proqram və dərsliklərdəki dəyişikliklərlə əlaqədar müxtəlif təkliflər irəli sürülmüş, mütəxəssis-pedaqoqlar tərəfindən müvafiq göstəriş və tövsiyələr verilmişdir.
Məcmuənin elə birinci nömrəsində məcmuənin qarşısında duran vəzifələr aydın ifadə olunmuşdur: “Başlıca vəzifə yeddiillik və orta məktəblərdə fizika və riyaziyyat tədrisinin yaxşılaşdırılmasında və bu fənlərin tədrisini elmlərin müasir vəziyyəti səviyyəsinə, məktəblərin qarşısında dövlət tərəfindən qoyulan tələblər səviyyəsinə qaldırmaqda müəllimlərə kömək etməkdən ibarətdir”. 
Təlimin təkmilləşdirilməsinə xidmət etmək baxımından “Azərbaycan məktəbi”nə əlavə şəklində nəşr edilən “Fizika və riyaziyyat tədrisi” metodik məcmuəsinin 50-80-ci illərdə səmərəli fəaliyyətini xüsusi qeyd etmək lazımdır. “Fizika və riyaziyyat tədrisi” məcmuəsi üç ayda bir dəfə çıxırdı, burada fizika-riyaziyyat fənninin tədrisi metodikasına aid məqalələr dərc edilirdi, həmçinin proqram materialları planlaşdırılaraq müəllimlərə çatdırıılır, təhsilin məzmununda yeniliklər aydınlaşdırılır, müəllimlərin məqalələri dərc olunur və beləliklə də məcmuə fizika və riyaziyyat müəllimlərinin təlim fəaliyyətinə bir növ metodik rəhbərlik edirdi. 
1974-1981-ci illərdə “Azərbaycan məktəbi”nin baş redaktoru olmuş Ə.Ağayev bu məcmuələrin işini belə xarakterizə edirdi: “Məcmuələrin ixtisas redaktorları, “Azərbaycan məktəbi” jurnalının yaradıcı heyəti təlim-tədris işinin təkmilləşdirilməsinə kömək məqsədilə müxtəlif elmi-pedaqoji, jurnalistik üsullardan istifadə edirlər. Məcmuələrdə ayrı-ayrı mövzuların tədrisi təcrübəsi, didaktik materiallar, əyanilikdən müasir şəraitdə istifadə edilməsi yolları, proqram materiallarının planlaşdırılması, müxtəlif metodik məsləhətlər və digər təlim işinin təkmilləşdirilməsinə kömək edən materiallar müntəzəm çap edilir. Qabaqcıl müəllimlər nəşr etdiyimiz metodik məcmuələrin daimi oxucusu və müəllifləri kimi fəaliyyət göstərirlər”.
Məcmuədə praktik yazılara daha çox yer verilirdi. Müəllimlər öz iş təcrübələrini həvəslə başqaları ilə bölüşürdülər. Bir faktı qeyd etmək yerinə düşər ki, 1974-1976-cı illərdə redaksiyaya 1000-ə qədər müəllif yazısı daxil olmuşdur. Tam əsasla demək olar ki, oxucular müəllifə çevrilmişdilər. 1974-cü ildə məcmuədə 52 müəllimin, 1975-ci ildə 60 müəllimin, 1976-cı ildə 64 müəllimin məqaləsi çap olunmuşdur. Müvafiq olaraq 20, 30, 33 məqalədən ümumiləşdirici icmallarda istifadə edilmişdir. Deməli, məcmuə yalnız alim pedaqoqların məqalələri deyil, eyni zamanda məktəb müəllimlərinin məqalələri ilə də zənginləşirdi. Bütün bunlar respublikamızda riyaziyyatın tədrisi vəziyyətinin yaxşılaşdırılmasına kömək edirdi. Məcmuənin Gürcüstan, Türkmənistan, Qırğızıstan və Özbəkistanda da oxucuları vardı. Məcmuə həmin  ölkələrdəki müəllimlərin də köməyinə gəlirdi. Bir faktı qeyd etmək kifayət edər ki, 1954-1957-ci illərdə məcmuə 5000 tirajla nəşr edilirdisə, artıq 20 il sonra bu rəqəm 4 dəfə artmışdı. Bunun bir səbəbi də o idi ki, məcmuədə fizika və riyaziyyat elmlərinin inkişaf tarixi və son nailiyyətlərindən də bəhs edilirdi. 

Прокомментировать
yenilə, əgər kod görünmürsə
Partnyorlar