95 il
ISSN: 0134-3289
E-ISSN: 2617-8060
DOI: 10.32906

Jurnalın arxivi

17 aprel 2019, Çərşənbə
40
“Русский язык и литература в Азербайджане” (“Azərbaycanda rus dili və ədəbiyyatı”) jurnalı 1947-ci ildə “В помощь учителю русского языка в нерусской школе” (“Qeyri-rus məktəblərində rus dili müəlliminə kömək”) adı altında nəşr olunmağa başlamışdır. İlk əvvəl bu jurnal Azərbaycan SSR Maarif Nazirliyinin “Azərbaycan məktəbi” jurnalının əlavəsi kimi nəşr edilib və faktiki olaraq, ölkəmizdə rus dilinin öyrənilməsi üzrə ilk elmi-metodik nəşr olub. 1949-cu ilin oktyabr ayından 1970-ci ilə qədər jurnal “Русский язык и литература в нерусской школе” (“Qeyri-rus məktəblərində rus dili və ədəbiyyatı”), 1970-ci ildən isə “Русский язык и литература в азербайджанской школе” (“Azərbaycan məktəbində rus dili və ədəbiyyatı”) adı altında nəşr edilirdi. Nəşrin ilk redaktoru rusist-alim A.Q. Daxnoviç olmuşdur. O, jurnal yarandıqdan 1973-cü ilə kimi (demək olar ki, 25 ildən çox) onun redaktoru olmuşdur. Daha sonra M.T. Tağıyev (1973-1976), A.N. Klimov (1976-1980) kimi Azərbaycanın görkəmli alim rusistləri baş redaktor vəzifəsində çalışmışlar. 1979-cu ildən başlayaraq jurnal Azərbaycan Maarif Nazirliyinin müstəqil, aylıq elmi-metodik jurnalı olmuşdur. 1980-cı ildən 1993-cü ilə kimi jurnalın baş redaktoru L.N. Babayeva, bir qədər fasilədən sonra isə professor Ç.Ə. Bədəlov olmuşdur. 1985-ci ildən jurnal “Azərbaycanda rus dili və ədəbiyyatı” adı altında nəşr edilir. Bütün bu illər ərzində jurnal, əsasən, respublikanın məktəb və universitetlərində rus dili və ədəbiyyatının tədrisi və öyrənilməsi metodikasının inkişaf mərhələlərini, ədəbi tənqidin, ədəbiyyatın və rus-Azərbaycan ədəbi əlaqələrinin tarixinin aktual problemlərini işıqlandırmışdır. Lakin artıq 2003-cü ildə jurnalda bir çox dəyişikliklər baş verdi. Jurnalın elmi-metodik xarakteri saxlanılmaqla o, həmçinin ictimai-mədəni nəşr kimi dərc olunur. A.M. Məmmədlinin (2003-2006), daha sonra isə M.Q. Qocayevin (2006-2010) redaktorluğu ilə çıxan jurnal geniş şəkildə MDB ölkələrində yayılmağa başlamışdır. Burada metodika və pedaqogika ilə yanaşı dilçilik, ədəbiyyat tarixi və nəzəriyyəsi ilə bağlı geniş məsələləri əhatə edən materiallar yer alırdı. Jurnalın səhifələrində xarici ölkə alimlərinin məqalələri çap olunurdu. Bundan əlavə, profilinin və tematik diapazonunun genişləndirilməsi ilə əlaqədar jurnalda tez-tez görkəmli əcnəbi ictimai və dövlət, elm və mədəniyyət xadimlərinin, şairlərin, yazıçıların Bakı Slavyan Universitetinin professor-müəllim heyəti və tələbələri ilə görüşləri işıqlandırılmağa başlandı. 2011-ci ildə jurnalın yeni inkişaf dövrü başladı. Baş redaktor vəzifəsinə professor F.S. Naciyeva təyin olundu. Jurnal tamamilə yeniləndi, formatı rəngli oldu, müasir standartlara cavab verən dizayn da işləndi. Dəyişikliklər nəinki jurnalın formasında, həmçinin onun məzmununda və ümumi konsepsiyasında da baş vermişdi. Öz səhifələrində jurnal müasir Azərbaycan (rus dilində yazan) və rus müəlliflərin əsərlərini, dilçilik və ədəbiyyatşünaslığın, xüsusilə də rus dili və rus ədəbiyyatının, bədii tərcümənin, KİV dilinin və reklamın ən yeni problemləri üzrə materialları çap edir. “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının Rusiyanın tanınmış ali məktəbləri ilə sıx əlaqələri vardır: Rusiya Xalqlar Dostluğu Universiteti, Moskva Şəhər Pedaqoji Universiteti, A.S. Puşkin ad. Rus dili Dövlət Universiteti, Belqorod Dövlət Universiteti, Ural Federal Universiteti, A.Qertsen ad. Rus Dövlət Pedaqoji Universiteti (Sankt- Peterburq) və s. Bu ali məktəblərin əməkdaşları vaxtaşırı öz məqalələrini jurnalda çap etdirirlər. Bununla da Azərbaycan oxucusu rus filologiyasının aktual problemləri, eləcə də rus dilinin tədrisində ən yeni metodlarla tanış ola bilər. Jurnalın əsas abunəçiləri və oxucuları Azərbaycanın, ilk növbədə də BSU-nun “rus dili” və “rus ədəbiyyatı” ixtisasını seçmiş tələbələri, aspirantları, doktorantları, həmçinin, rus dili tədris olunan Azərbaycan (həm Bakıda, həm də respublikanın müxtəlif rayonlarında yerləşən) məktəblərinin müəllimləridir. Son zamanlarda türk ali məktəblərinin rus dili və ədəbiyyat, bədii tərcümə bölmələri və kafedraları da jurnala böyük maraq göstərir. Bu, qeyd edilən ali məktəblərin müəllimlərinin bu cür tədrisi ədəbiyyata ehiyacı yaranması ilə bağlıdır. Bu gün “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalı həm Bakı Slavyan Universitetinin, həm də Azərbaycanın bütün rusistikasının və rus mədəniyyətinin “vizit kartı"dır. Jurnal hər gün yenilənir və eyni zamanda öz əsas məqsədinə – Azərbaycanla Rusiya arasında çoxəsrlik dostluğun bağlayıcı həlqəsi olmaq kimi məqsədinə sadiq qalır.

Прокомментировать
yenilə, əgər kod görünmürsə
Partnyorlar